Xəbər - Fərid Zöhrabov – Trend:
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Əlicabbar Orucəliyev küçəsindən gedir.
Agentlikdən Trend-ə bildirilib ki, Əlicabbar Orucəliyev küçəsinin əsaslı şəkildə təmir olunmuş hissəsinin uzunluğu 534 metr təşkil edir.
Bəzi hissələrdə genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 960 kv.m sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə 1040 p/m yeni səki daşı düzülüb.
Küçənin hərəkət hissəsinə 4500 kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 23 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 13 baxış qapağı yenisi ilə əvəz olunub.
Son mərhələdə isə küçə zəruri yol nişanları, nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.
Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.