Suraxanı rayonundan “Ulduz” metrosu istiqamətində fəaliyyət göstərən 184 saylı marşrut xətti ilə bağlı problem illərdir həll olunmur.
Məsələ ilə bağlı AzerTimes-a müraciət edən sakinlər bildiriblər ki, avtobusların sayının azlığı və 15-20 dəqiqəlik intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir.
Onların fikirlərinə görə, avtobusda gecikmə, natəmizlik illərdir düzəlmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, qurum marşrut xətlərində avtobus sayını nəzarətə götürüb:
“Suraxanı rayonunun Əmircan qəsəbəsində 113, 184, 191, 208, 209 və 213 nömrəli marşrut avtobusları fəaliyyət göstərir. Bu marşrut avtobusları qəsəbəni paytaxtın müxtəlif əraziləri ilə əlaqələndirir. 184 nömrəli marşrut xəttində isə 8 ortatutumlu avtobus 12 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Yollardakı nəqliyyat sıxlığı ilə əlaqədar günün pik saatlarında interval 15-20 dəqiqəyə qədər arta bilir.
Daşıyıcıya xətt üzrə avtobus sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.