Bakıda bu ölkənin milli bayramı qeyd olundu

Bakıda bu ölkənin milli bayramı qeyd olundu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 51-ci ildönümü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil edilib.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhəmməd Əl Bluşi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu il, eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olduğunu göstərir.

Azərbaycan Prezidenti və Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.

Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.

Teqlər: