Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb.
Bakı şəhər DYP İdarəsindən AzerTimes-a verilən məlumata görə, BMV markalı, 90 XZ 012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.
Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.