Sentyabrın 26-da Bakıda “Heydər Əliyev İli” çərçivəsində “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq forum öz işinə başlayıb.
AzerTimes xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, TDT-də müşahidəçi üzv statusuna malik Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın nümayəndə heyətləri iştirak edirlər.
Forumun rəsmi açılış mərasimindən öncə iştirakçılar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Nümayəndə heyətləri müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunun açılış mərasimi keçirilib.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir Türk dövlətləri başçılarının Zirvə toplantılarını və çıxışlarını əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
Forum iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin Azərbaycan və Türk Dünyası üçün çox mühüm tarixi hadisə – Azərbaycanın öz suverenliyini tam təmin etdiyi günlərdə keçirildiyinə diqqəti cəlb edib, bu münasibətlə bütün Türk dünyasına təbriklərini çatdırıb.
Ümummilli Lider Heydər Əliyevin Türk dünyasının diaspor strukturlarının formalaşmasına və inkişafına xüsusi diqqət göstərdiyini xatırladan komitə sədri bildirib ki, məhz bu istiqamətin uğurla davam etdirilməsi İkinci Qarabağ müharibəsində və sentyabrın 19-da antiterror tədbirlərinin keçirilməsi zamanı TDT-nin ölkəmizə dəstək göstərməsində, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməsində böyük rol oynayıb.
Komitə sədri qeyd edib ki, I Forum ümumtürk diasporunun şəbəkələşməsi və mütəşəkkil qüvvəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Türk dövlətlərinin diasporlarının, o cümlədən diaspor gənclərinin birgə fəaliyyəti həm ölkələrimizə, həm də bütövlükdə Türk Dünyasına qarşı kampaniyaların qarşısını almaq baxımından da zəruridir”, – deyə o vurğulayıb.
Sonra çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm diaspor quruculuğu sahəsində, həm də Türk Dünyasının birliyi naminə gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov diaspor gənclərinin fəaliyyətini vətənpərvərliyinin bariz nümunəsi adlandırıb.
TDT Baş katibinin müavini Yerzhan Mukaş qeyd edib ki, Türk dünyasının birliyi uğrunda Heydər Əliyevin göstərdiyi xidmətlər heç vaxt unudulmayacaq.
Mövcud şəraitdə diaspor gənclərinin fəallığının artırılmasına diqqət çəkən Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev mümkün layihələrdən danışıb. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi dövründə xaricdəki erməni diasporunun Ermənistana yardım məqsədilə topladığı milyonlarla dollar vəsait Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarının maliyyələşdirilməsinə sərf olunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyümüzün tam təmin olunmasını yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının Zəfəri olduğunu vurğulayıb.
Forum işini panel iclaslarla davam etdirəcək.