Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun final gününə start verilib (FOTO)

Aprelin 24-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının final gününə start
verilib.

AzerTimes-ın məlumatına görə, yarışların final günündə altı dəst
medal oynanılacaq (dördü fərdi hərəkətlər, ikisi isə qrup
hərəkətləri üzrə). Bu gün fərdi proqramda halqa, top, gürz və
lentlə hərəkətlərdə, eləcə də komandaların qrup çıxışlarında beş
halqa, üç lent və iki topla hərəkətlərdə qaliblər müəyyənləşəcək.
Bundan əlavə, ənənəyə uyğun olaraq, yarışlarda gimnast və qrup
hərəkətlərində çıxışa görə ən yüksək xal toplayan komanda AGF
Trophy kuboku ilə təltif olunacaq.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Teqlər: