Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları davam edir (FOTO)

Aprelin 22-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə FIG Dünya kubokunun birinci günü start götürüb.

Trend-in
məlumatına görə, yarışların birinci günündə fərdi proqramda halqa
və topla hərəkətlərdə, eləcə də qrup hərəkətləri proqramında beş
halqa ilə hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək. Təsnifatın
yekununda finalçılar müəyyənləşəcək.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: