Xəbər - Cani Babayeva – Trend:
Martın 16-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika
üzrə 27-ci Azərbaycan çempionatının birinci günü start götürüb.
Trend-in
məlumatına görə, çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu
illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük)
yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük
yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş
tutacaq.
Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika
Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər
və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və
Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda
yarışacaq.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent),
həm də çoxnövçülük xalına görə müəyyənləşəcək.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi
çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar
Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə
edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər COVID-19-a
qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə,
COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş
sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla)
malik olmalıdırlar.
(Tərcümə: Cani Babayeva. Foto: Zaur Mustafayev)