Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm – Migel Visente Marino

Xəbər - Cani Babayeva – Trend:

Beynəlxalq Gimnastika Federasiyası adından Bakıda Batut Gimnastikasının bu iki həftəsinin təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirirəm.

AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin birinci Vitse-prezidenti Migel Visente Marino Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının bağlanış mərasimində deyib.

Vitse-prezident bildirib: “Batut Gimnastikası hündürlüyə pərvazlanmaq, sürətli və zərif bir şəkildə mayallaq aşmaq, hərəkətləri yerinə yetirmək üçün maksimum güc ilə maneələri dəf etməkdən ibarətdir. Son iki həftə ərzində Azərbaycanın paytaxtı Bakı bizə son iki ildə itirdiyimiz qiymətli vaxtın bir hissəsini geri qaytarmaq şansı verdi. Enerji və ruh yüksəkliyi ilə dolu olan bu məkan və bu tədbirin möhtəşəm şəkildə təşkil olunması hamımızın bu mühüm tədbirə necə yaxşı hazırlaşdığımızı parlaq şəkildə göstərmək üçün dəyərli imkan yaratdı. Onun sözlərinə görə, iki çətin ildən sonra Milli Gimnastika Arenası bizi qarşıladı və hamımıza həm yerli qonaqpərvərlikdən, həm də idmanımıza olan həvəsdən həzz almağa imkan verdi. Əminəm ki, bütün bu maskaların arxasında çoxlu səmimi təbəssümlər var.

Dünya Yaş Qrupu Yarışları bütün dünyada Batut Gimnastikasını inkişaf etdirmək üçün ən vacib vasitədir. Bu sütun idmanımızın necə qurulduğunu anlamaq üçün çox vacibdir və bu uğurlu həftə bunun daha bir bariz sübutudur. Çoxunuz artıq Paris 24, Los Anceles 28 və ya Brisbane 32 haqqında düşünürsünüz. Əminəm ki, çoxunuz bu məqsədlərə çatacaqsınız. Lakin gəlin unutmayaq ki, məqsədə gedən istənilən yoldakı prosesdən həzz almaq nəzərdə tutulan yerə çatmaqdan daha vacibdir. Belə ki, sizin üçün növbəti dayanacaqlar Sofiya 22 və Birmingem 23 olacaq. Məşqə davam edin, məsuliyyətli gənclər olaraq qalın və nəticələr həm idmanda, həm də gündəlik həyatınızda özü sizi tapacaq.

Mən, Beynəlxalq Gimnastika Federasiyası adından Bakıda Batut Gimnastikasının bu iki həftəsinin təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirirəm. Tezliklə bura qayıdacağıq, çünki bu məkan artıq idmanımızın bütün dünyada sahib olduğu evlərdən biridir.

Bu arada, ailələrimizin yanına qayıtmağın və onlara Azərbaycanda bu günləri birlikdə yaşadığımıza görə nə qədər şanslı olduğumuzu bildirməyin vaxtıdır. İndi isə birlikdə gördüyümüz yaxşı işdən çox qürur duyaraq – Mən 2021-ci ildə Bakıda keçirilən Batut gimnastikası, Tamblinq və İkili mini-batut üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarını rəsmi olaraq bağlı elan edirəm”.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışıblar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış ediblər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edib. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak ediblər.

Teqlər: