Xəbər - Cani Babayeva – Trend:
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya çempionatı çox yaxşı təşkil olunub.
Bu barədə AzerTimes-a yarışların iştirakçısı, italiyalı gimnast Samuel Patisso Kolonna bildirib.
Gimnast deyib ki, Bakıda yarışlar yüksək səviyyədə təşkil olunub, onun iştirakçıları üçün yaxşı şərait yaradılıb: “Məşq və yarış cədvəli çox dəqiqdir”.
18 yaşlı gimnast etiraf edib ki, bu, onun idman karyerasında ilk dünya çempionatıdır.
“Bu, mənim ilk dünya çempionatımdır, mənə böyük rəqabət təcrübəsi qazanmaq, gücümü sınamaq imkanı verir. Burada olmaqdan çox şadam. Mənim üçün əsas məqsəd lisenziya qazanmaq və 2024-cü il Olimpiya Oyunlarında iştirak etməkdir. Ümid edirəm ki, bu tapşırığı yerinə yetirəcəyəm”.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi, sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.