Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının açılış mərasimi keçirilib

Xəbər - Cani Babayeva – Trend:

Noyabrın 18-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə iştirakçı ölkələrin bayraqlarının paradı baş tutub. Azərbaycanın dövlət himni səsləndirilib.

Hakimlər, gimnastlar və məşqçilərin andiçmə mərasimi keçirilib. Gimnastların adından azərbaycanlı idmançı Mixail Malkin and içib.

Daha sonra milli musiqi motivlərinin yer aldığı rəqs-gimnastika nömrələri nümayiş etdirilib.


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: