Xəbər - Cani Babayeva – Trend:
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya
Kubokunun kişilər və qadınlar arasında sinxron tullanma proqramında
qalib və mükafatçılarının mükafatlandırılması mərasimi
keçirilib.
AzerTimes-ın məlumatına görə, qadınlar arasında birinci yeri Türkiyə
gimnastları Sena Elçin Karakaş və Sıla Karakuş, ikinci yeri İsveç
gimnastları Tea Lilyerut və Lina Syoberq, üçüncü yeri isə Rusiya
gimnastları Meri Qolota və Aleksandra Bonartseva tutublar.
Kişilər arasında sinxron tullanma proqramında qızıl medalı
Belarus idmançıları Andrey Buylov və İvan Litvinoviç, gümüş medalı
Rusiya idmançıları Danil Kasimov və Kirill Kozlov, bürünc medalı
isə Portuqaliya idmançıları Dioqo Abreu və Pedro Ferreyra
qazanıblar.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.