Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun final yarışlarına start verilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası
üzrə Dünya Kubokunun final yarışlarına start verilib.

Trend-in
məlumatına görə, final yarışları qadınlar arasında fərdi proqramda
çıxışlar ilə açılır, daha sonra kişilər arasında fərdi proqramda
gimnastlar mübarizəyə qoşulacaqlar.

Bundan sonra isə kişilər və qadınlar arasında sinxron tullanma
üzrə final yarışları başlayacaq.

Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi
proqramın finalında çıxış edəcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.


Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto: Zaur Mustafayev

Teqlər: