Bakıda batut gimnastikası üzrə dünya çempionatının ulduz səfiri seçildiyim üçün qürur hissi keçirirəm – Devid Martin

Bakıda batut gimnastikası üzrə dünya çempionatının ulduz səfiri seçildiyim üçün qürur hissi keçirirəm.

Bunu AzerTimes-ə batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatının Fransadan ulduz səfiri Devid Martin Binə qəsəbəsində “Ümid yeri” uşaq evinə ziyarəti zamanı deyib.

“Bakı çoxdan yarışlar təşkil edir, mən buraya ilk dəfədir gəlirəm. Təşkilatçılıq işlərinin çox sürətlə getdiyini gördüm. Mən, həqiqətən, Karen Kokbernlə birgə burada olmaqdan çox məmnunam və ümid edirəm ki, yarışlar bütün ölkələr, o cümlədən də Fransa üçün çox gözəl keçəcək” – deyə, o bildirib.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcəkdir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: