Bakıda atasını 40 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə 14 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda atasını öldürməkdə təqsirləndirilən 19 yaşlı Cahangir Şükürlünün cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Şükürlü cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 50 yaşlı Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 19 yaşlı Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qətl hadisəsi zamanı Cavanşir Şükürova 40-a yaxın bıçaq zərbəsi vurulduğu bildirilir.

Teqlər: