Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının ikinci günü start götürüb (FOTO)

Martın 11-də Bakı Milli Gimnastika Arenasında Akrobatika
gimnastikası üzrə 28-ci Dünya çempionatının ikinci günü start
götürüb.

Trend-in məlumatına görə, yarışların ikinci
günündə təsnifat mərhələsində qarışıq cütlüklər və kişi qrupları
temp hərəkətlərini, qadın qrupları balans hərəkətlərini nümayiş
etdirəcək. Təsnifat mərhələsinin yekununda həmin proqramlar üzrə
finalçılar, eləcə də komanda hesabında qaliblər
müəyyənləşdiriləcək.

Günün ikinci hissəsində qadın, qarışıq və kişi cütlükləri, qadın
və kişi qrupları arasında final yarışları keçiriləcək.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: