Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının təntənəli açılış mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 3-də Bakı Milli Gimnastika Arenasında Akrobatika
Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının təntənəli
açılış mərasimi keçirilib.

Trend-in
məlumatına görə, mərasim zamanı iştirakçı ölkələrin bayraqları
nümayiş etdirilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra idmançı, məşqçi və hakimlərin andiçməsi keçirilib.
İdmançılar adından Azərbaycan gimnastı Mənsumə Məmmədzadə and
içib.

Tədbirin sonunda gimnastika şousu nümayiş etdirilib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 21 ölkədən 466 gimnast iştirak edəcək.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: