Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirikən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əliyev 9 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər 2019-cu ilin may ayında Bakının Nizami rayonunda 41 yaşlı Yasin Bəxtiyarovu oğurlayaraq pul tələb etməkdə ittiham olunurlar.
Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını, silahlı şəxslərin onu avtomobilə oturdaraq naməlum istiqamətə apardığını bildirib.
Onlar qadından oğlunun azad edilməsi üçün 10 min manat tələb edib 8 min manat alıblar.
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fərid Əliyev, Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.
Emin Əliyev və Asim Quliyev barəsində cinayət işi ayrıca icrata götürülüb, onlara Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.