Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Rufan Qasımov, Cavid Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalında həbs ediliblər.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Pərvin Məsimov vəsatət qaldıraraq, təqsirləndirilən şəxslərin zərərçəkmişlərə dəyən zərərin ödənilməməsi səbəbindən onlar haqqında polisin nəzarət altına vermə qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Müşavirədən sonra məhkəmə vəsatəti təmin edərək təqsirləndirilən şəxslər – Rufan Qasımov, Cavid Əliyev, Orxan Həsənov və Namiq Bayramov məhkəmə zalından həbs edilmələri barədə göstəriş verib.
Xatırladaq ki, bundan öncə təqsirləndirilən şəxslərdən yalnız Zaur Zahidov həbsdə idi.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.
N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il altı ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə beş il altı ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə iki il doqquz ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.