Bakıda 7.5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb – BNA

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində 2021-ci ildəgördüyü işlərlə bağlı hesabat yayıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, ötən il dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Bakı şəhərində yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilib.

“Görülən işlər sayəsində hərəkət iştirakçılarının təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin edilib. Ümumilikdə isə son 6-ildə 70-ə yaxın küçə və prospektdə səkilər standartlara uyğunlaşdırılıb, əlçatanlıq səviyyəsi yüksəldilib və piyadaların rahat hərəkəti təmin edilib.

2021-ci ilin hesabatına əsasən piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb. İl ərzində paytaxtın 27 küçə və prospekintdə 120-ə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu quraşdırılıb. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud svetoforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə svetofor səs siqnalı ilə təchiz edilib.

4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb.

19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində əsasən istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu təşkil edilib. Şəhər mərkəzində isə 7.5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub,”- deyə hesabatda bildirilib.

Teqlər: