Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərbi sursat aşkarlanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.