Xəbər - Samir Əli – Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.
ASC-dən AzerTimes-a bildirilib ki, cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunun Binəqədi qəsəbəsi A.Bakıxanov, G.Ramazanov, Q.Qarayev, S.Ə.Şirvani, A.İsfahani və H.Zərdabi küçələrində mövcud su xətlərinin əlaqələndirilməsi və dairəvi sistemin yaradılması təmin edilib. Layihə çərçivəsində 3 ədəd yeni siyirtmə quraşdırılıb, 110 mm diametrli polietilen borularla yeni əlaqələndirici su xətləri çəkilib. Görülmüş işlər nəticəsində indiyə qədər fasilələrlə su alan 300-dən çox abunəçinin içməli su təchuzatı 24 saatlıq fasiləsiz rejimə keçirilib.
“Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi qəsəbəsində icra olunan daha bir layihə də yekunlaşıb. Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus ərazisində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi inşa edilib. Layihənin əhatə etdiyi ərazidə 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilib və sayğaclar quraşdırılıb. Bununla da Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus ərazisində 1000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.
Eyni zamanda Binəqədi qəsəbəsi 1-ci mədən, 15-ci korpus adlanan ərazisində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması məqsədilə yeni layihənin icrasına başlanıb. Bu layihə çərçivəsində müxtəlif diametrli borularla yeni paylayıcı şəbəkə yaradılacaq, 150-dək ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.
Xatırladaq ki, layihələrin icrasından əvvəl bu ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. İçməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılıb. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı. Xüsusilə yay aylarında belə şəbəkə vasitəsilə istehlakçıların normal içməli su təchizatını aparmaq mümkün olmurdu