Bakıda 30 yaşlı kişinin döyülərək öldürülməsi ilə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

Bakıda 30 yaşlı kişini döyüb öldürən şəxslə bağlı cinayət işi
başlanıb.

Binəqədi Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 13-ü saat 02 radələrində Binəqədi rayonu ərazisində
1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər
nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1999-cu il
təvəllüdlü Yəhya Quliyev aralarında baş vermiş mübahisə zamanı
1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü
Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər
yetirib, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən
xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.


Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam
etdirilir.

Teqlər: