Bakıda 3 məktəb sökülərək yenidən tikilir

Xəbər - Çingiz Səfərli – Trend:

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 35, 87 və 263 nömrəli tam orta məktəblərin korpuslarının sökülərək yenidən tikintisi, bir sıra ümumi təhsil müəssisəsində isə zəruri cari təmir işləri davam etdirilir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hər il BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təmirə ehtiyacı olan məktəblərin siyahısı müəyyənləşdirilərək aidiyyəti orqana göndərilir.


“Dövlət tərəfindən məktəb infrastrukturunun inkişafı, yeni məktəblərin inşa olunması istiqamətində həyata keçirilən tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və məktəb şəbəkəsinin optimallaşdırılmasına xidmət edir. Təmirə ehtiyacı olan məktəblərin müəyyənləşdirilməsi məqsədilə növbəti ildə də müvafiq işlər yerinə yetiriləcək. Qeyd edək ki, aparılan tikinti işləri əsasən ehtiyac olan əraziləri əhatə edir ki, bu da birbaşa şagird sıxlığının aradan qaldırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Bütün bunlar təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlərin davam etdirilməsinə imkan verir” – deyə məlumatda qeyd olunub.

Teqlər: