Xəbər - Samir Əli – Trend:
Bakıda 27 yaşlı oğlan döyülərək öldürülüb.
Xətai Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 14.09.2021-ci il tarixdə saat 17 radələrində zərərçəkmişin tanışı 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirmiş, nəticədə H.Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.