Bakıda 21 yaşayış binasının liftinin akkumlyatoru oğurlanıb

Bakıda binaların liftlərinin akkumlyatorlarını və əyləc
dolaqlarını oğurlayan dəstənin işi üzrə ibtidai istintaq başa
çatıb.

AzerTimes-ın məlumatına görə, oğurluqda təqsirləndirilən Taleh
Rəşidov, Samir Rəşidov və Famil Cənnətov barəsində istintaq
materialları Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Vüsal Tağıyevin
sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmənin hazırlıq iclası martın 30-na təyin
olunub.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Binəqədi
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı
əvvəllər məhkum olunmuş Taleh Rəşidov, əmisi oğlu Samir Rəşidov və
Famil Cənnətov saxlanılıblar. Həyata keçirilən əməliyyat tədbirləri
nəticəsində onların ötən ilin may-sentyabr aylarında paytaxtın
Binəqədi rayonunda yerləşən 21 çoxmərtəbəli binanın liftlərinin
akkumulyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub.
Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat
hissələrini paytaxt ərazisindəki müxtəlif metal qəbulu
məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.

Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri
müəyyənləşdirilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və
metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin
bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dəstə üzvlərinin oğurluq etdikləri binaların liftlərinə
ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum
olub.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: