Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, DAF və “KamAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KamAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1966-cı il təvəllüdlü Əfqan Böyükkişi oğlu Zeynalovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.