Bir gün içində bir neçə tədbirdə iştirak etmək üçün Laçındaydım.
İfadənin gözəlliyinə baxın: Laçındaydım!
Duyğularımı, təəssüratımı, müşahidələrimi ifadə etməyə sözün gücü çatmır. İnanın, hiss etdiklərimi heç cür ifadə edə bilmərəm. Təsvirəgəlməz bir aləmdir Laçın!
Şişirtmirəm, uydurmuram, fantaziyaya qapılmamışam, amma həqiqətən Laçını bu qədər gözəl təsəvvür etmirdim. Laçında uşaqkən olmuşam, ancaq o dönəmdən yadımda heç nə qalmayıb və indi gördüyüm Laçınla köhnə Laçını müqayisə edə bilmirəm. Yalnız indi gördüklərimdən danışa bilərəm və gəldiyim qənaət odur ki, Laçında ecazkar və füsunkar bir şəhər salınır. Bu gözəlliyin və əsrarəngiziyin qoynunda yalnız gözəllik qurmaq, yaratmaq olar və aidiyyəti qurumların bunca həssaslığını anlayıram. Biz o qədər gözəl əraziləri işğaldan azad etmişik ki, o yerlərə sadəcə, rayon, kənd, ərazi vahidi kimi baxmaq mümkün deyil. Qeyri-adi ənginlik və sonsuzluqdur Laçın. Baxdıqca baxırsan və baxdığın nöqtənin sonunu görmürsən, o qədər nəhəng görünür dağların zirvəsi, yaşıllıqların ənginliyi…
Burada gözəl, hədsiz çox gözəl şəhər və kəndlər salınmalıdır ki, Avropanın ən gəzməli-görməli yerlərini də ardında buraxsın. Mən Laçını görən andan onu İsveçrənin, Çexiyanın, İsveçin, İtaliyanın, İngiltərənin… şəhərlərinə bənzədirəm, hətta onlardan da gözəl görürəm.
Məsələ ondadır ki, düşmən bu yerlərlə sözün əsl mənasında, düşməncəsinə rəftar edib: söküb, dağıdıb, daşını daş üstə qoymayıb, hətta yaşadığı yeri belə abadlaşdırmayıb. İndi o torpaqlarda sıfırdan şəhərlər, kəndlər tikilir və bu son dərəcə ağır və ləng prosesdir. Yollar salınır, infrastruktur yaradılır və sonra evlər tikilir. Nə qədər evlər tikilməlidir bu torpaqlarda ki, insanlar doğma yurd-yuvalarına, evlərinə qayıtsınlar, məskunlaşsınlar, şəhərlər şəhər, kəndlər kənd olsun. Kənardan baxana döyüş həmişə asan gəlib, amma yaxından baxanda, işin içində olanda anlayırsan ki, hələ nə qədər çox iş görülməlidir və bütün işlərin görülüb başa çatdırılmasına illər lazımdır.
Biz tələsirik, dilimiz yüyrəkdir, amma aydındır ki, istədiklərimiz, arzuladıqlarımız bir göz qırpımında mümkün olmayacaq.
Hər kəs əlini daşın altına qoymalıdır. Dövlətə həmişə olduğundan daha yaxın və daha doğma olmaq lazımdır. 44 günlük müharibə bitib, azadlıq müharibəsi. İndi abadlıq müharibəsi gedir. Bəlkə də kimsə düşünə bilər ki, mən nə kömək edə bilərəm bu prosesə? Amma inanın ki, çox şey etmək olar. İmkanlı azərbaycanlılar, iş adamları müharibədə dövlətə necə maddi və mənəvi dəstək oldularsa, indi də tikinti və quruculuq işlərində fədakarlıq göstərməyi bacarmalıdırlar. Hər kəs boynuna çəksə 1 evin, 5 evin, 1 kəndin, 5 kəndin qurulmasının xərcini, nə qədər kömək etmiş olar dövlətə: bu ərazilərdə məskunlaşma prosesi daha da sürətlənər, daha tez qovuşarıq evlərimizə, yurdumuza. Məncə, bunu mütləq etməliyik və belə bir fond yaradılmalıdır və hər kəs dimdiyində bir damcı ilə də olsa, bu işə yardımını, köməyini etməlidir. Daha çox insanımız köçməlidir o torpaqlara. O gözəlliyin qoynunda daha çox insanımız yaşamalıdır. İş yerləri açılmalıdır, özü də saysız-hesabsız, insanlarımız görməlidir ki, Bakının tozanağından, havasızlığından uzaqda – dağlar qoynunda, saflığın və paklığın tən ortasında yaşamağın xoşbəxtliyini heç harda tapmaq olmaz. Hər kəs bu xoşbəxtliyin arxasınca getməlidir, çünki bu xoşbəxtliyə layiq xalqıq!
Bütün bunlar təbii ki, olacaq, baş verəcək, amma sürətlənsə, daha tez baş versə, daha tez köçsək o yerlərə, nəyi pisdir?! 30 il gözləmişik.
Biz torpaqlarımıza görə canımızla cihad etdik – Allah şəhidlərimizin yerini uca etsin!
İndi malımızla cihad vaxtıdır!
Laçındaykən, gecələmək üçün getdiyim Şuşadaykən yalnız bunları düşünürdüm və xəyalımda insanlarımızı bu yerlərdə yaşayan, işləyən, bu yerlər – otun, suyun, meşənin, dağın, yamacın… bir parçası olduğunu görürdüm. Düşüncəsi belə çox qürurlandırır adamı. Əminəm ki, Qarabağ Universiteti fəaliyyətə başlayandan, bura tələbələr axın edəndən sonra mənzərə çox fərqli olacaq. İş adamları yatırım qoymaq istəyəcək bu yerlərə. Amma onları gözləmədən də başlamaq olar axı. Bu da Vətənə xidmətdir, hətta Həcc ziyarəti qədər fərzdir.
Bilmirəm, demək istədiklərimiz doğru anlada bilirəmmi? İşğaldan azad olunan torpaqlar 30 il öncə o torpaqları tərk etməyə məcbur olan insanlarımızın – yaşlı insanlarımızın həsrət, nostalji ünvanı olmamalıdır. Gənclər, işğal dönəmində doğulmuş gənclərimiz getməlidir o yerlərə: o dağlara, o gözəlliyə gəncliyin enerjisi, gülüşü, arzusu, istəyi qarışmalıdır.
Əminəm ki, çox adam getmək istəyir, çox gəncimiz getmək istəyər. Amma getmək istəyənlər “necə yaşayacağam, harada işləyəcəyəm” suallarına cavab axtarmamalıdırlar. Bilməlidirlər ki, yaşamaq üçün ev, işləmək üçün iş, asudə vaxtlarını keçirmək üçün restoran, kafe, çayxana, kinoteatr, əyləncə-istirahət mərkəzləri var.
Yəni insana lazım olan hər şey var!
Xoşbəxt olmaq üçün hər şey var!
Bax, bu “var”ları var etmək üçün biz də əlimizdən gələni edə bilərik. Çox şey edə bilərik.
Laçında jurnalist həmkarlarımla da görüşdüm. Könüllü olaraq Laçına köçən, orada yaşayan, işləyən köhnə tanışları gördüm. Necə gözəlləşdiklərini gördüm! O gözəlliyi əldə etmək üçün Bakı şəhərində bir qadın ən azı 5-10 min manat xərcləməlidir estetik mərkəzlərdə və gözəllik salonlarında. Laçında isə bunu təbiət edir – heç bir ödəniş etmədən gözəlləşirsən. Havanın və suyun sağlamlığa, zahiri görünüşə təsiridir, təlqinidir bu.
Mən Laçını belə gördüm, belə sezdim, belə sevdim. Laçınlı olmaq, Vətənli olmaq gözəl hissdir. Bu hissi bizə ərməğan edənlərə salam olsun, eşq olsun, şükürlər olsun!
Laçın eşqdir, şükranlıqdır, qürurdur, fəxrdir…