Novruz bayramı ilə bağlı Azərbaycanda 9 gün qeyri-iş günü
olacaq. Bayram günləri əsasən də uşaqların sevimli məkanı olan Bakı
Zooparkı necə fəaliyyət göstərəcək?
Məsələ ilə bağlı Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət
İsayeva Trend-in
sualına cavab olaraq bildirib ki, zoopark adi rejimdə
işləyəcək.
“Beləki kassalar həftənin beş günü səhər saat 10-dan axşam
17:30-a kimi açıq olacaq və onlayn formada da bilet satışı həyata
keçiriləcək. Şənbə və bazar günləri isə kassalar səhər 9:00-dan
fəaliyyət göstərəcəklər”, – deyə icraçı direktor bildirib.
Qeyd edək ki, Bakı Zooloji Parkına girişin qiyməti böyüklər üçün
5 manat, uşaqlar üçün isə 2 manatdır. Üç yaşa qədər uşaqlar və
şəhid ailələri üçün isə bilet pulsuzdur.
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Yenidənqurmadan
sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı
məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq
4.25 hektara çatdırılıb. Hazırda zooparkdakı heyvan növlərinin
ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə
22-dir.