Bakı ikitərəfli dialoq institutunu tətbiq etməklə, beynəlxalq zaminlər institutunun ləğvinə və Zəngəzur dəhlizi məsələsində beynəlxalq konsensusa nail olub.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Azərbaycan ikitərəfli danışıqlar institutunu tətbiq etmək üçün hərbi personal mübadiləsi məsələsindən (hərbi əsirlərin dəyişdirilməsi – red.) istifadə etdi. Bakı kifayət qədər inandırıcı şəkildə beynəlxalq ictimaiyyətə deyir: “Baxın, ikimiz razılığa gələ bilərik”. Amma mövcud güc balanssızlığı şəraitində ikitərəfli razılaşma sülhdən deyil, məğlub tərəfin təslim olmaq üçün yol xəritəsindən danışmaq deməkdir”, – o bildirib.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizindən təkcə Azərbaycan deyil, AB də danışır:
“Aydın idi ki, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra Zəngəzur Ermənistan-Azərbaycan münaqişəsinin obyektinə çevrildi və Bakı heç vaxt kommunikasiya iddialarından əl çəkməyəcək. Və bu gün Zəngəzur dəhlizindən təkcə Azərbaycan danışmır. Mişel də müxtəlif nəqliyyat modellərini müzakirə edir”.
Onun fikrincə, AB-nin təklif etdiyi nəqliyyat kommunikasiya modelləri Ermənistanın ərazi bütövlüyünü pozmur:
“Lakin onlar daha bir mühüm prinsipi – suverenliyi və səlahiyyətləri pozur. Beləliklə, Ermənistan bu ərazi üzərində nüfuzunu itirir. Regionda nəqliyyat kommunikasiyalarına daha yaxşı nəzarət 9/10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmuşdu, baxmayaraq ki, bu, nəticə vermədi. Bu gün Ermənistan hakimiyyətinin səyləri sayəsində ölkənin problemləri nəinki azalıb, hətta artıb və 2024-cü il siyasi baxımdan əvvəlkindən daha çətin olacaq”.