Azərbaycan-Avropa Birliyi (AB) arasında strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləməyi razılaşdırıb.
AzerTimes Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə bildirib.
P.Şahbazovun AB-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə enerji dialoqunun digər aspektlərinə də toxunulub. Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.
P.Şahbazov Avropaya əlavə qaz tədarükünün mühüm mənbələri kimi istismara verilən “Abşeron” qaz-kondensat yatağı ilə yanaşı, işlənmədə olan qaz layihələrindən və ölkəmizdən qaz tədarükü üzrə əməkdaşlığa başlayan ölkələrdən bəhs edib.
Nazir əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə AB ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı da fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımlar nəzərdən keçirilib. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması nəzərdə tutulur.
Həmçinin bu dəhlizlə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə də məlumat verilib. Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpa olunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.
Qeyd edək ki, energetika naziri P.Şahbazov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.