Bakı və Ankaraya qarşı hərbi ittifaq… – Korgeneral

Bakı və Ankaraya qarşı hərbi ittifaq… – Korgeneral

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik (korgeneral) İsmayıl Haqqı Pekinin AzerTimes-a müsahibəsi:

– Cənab general, son dövrdə dünyada və bölgəmizdə ciddi cəbhələşmə prosesi gedir. Bu proseslər fonunda Türkiyə və Azərbaycana qarşı da müəyyən ittifaqlar qurulur. Nə baş verir?

– Bəli, bunu yerləşdiyimiz regionda daha aydın şəkildə görmək olur. Xüsusilə İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Yunanıstanın Türkiyəyə qarşı bəzi müdafiə və yaxud Şərqi Aralıqda enerji ittifaqlarına qoşulduğunu müşahidə edirik. Həmin güclər Türkiyə olmadan Yunanıstan və Kipr Respublikası ilə birlikdə bölgənin enerji resurslarından faydalanmaq istəyirdi. Ona görə Türkiyəni davamlı şəkildə təcrid edəcək formada İordaniya, İsrail, Misir ilə bir sıra müqavilələr imzalandı. Bunlardan ən məşhuru Şərqi Aralıq dənizi (Eastmed) qaz kəməridir. Məqsəd təbii qazı Kipr və Yunanıstan üzərindən Avropaya daşımaq idi. Bunlar əlbəttə, kiçik layihələrdir. Əslində ən önəmli məsələ odur ki, hazırda bölgəmizdə və bütün dünyada ölkələr NATO-dan kənarda bir-biri ilə ikitərəfli və çoxtərəfli ticarət və müdafiə müqavilələri bağlayır, ittifaqlar qurur, mövqe seçirlər. Beləliklə, astanasında olduğumuz yeni dünya düzəninə hazırlaşırlar. Bütün ölkələr eyni zamanda 5-6 il sonra meydana gəlmə ehtimalı olan böyük müharibəyə hazırlaşır. İkinci Dünya müharibəsində olduğu kimi, müharibə bitdikdən sonra yenidən bölüşdürülmə prosesi gündəmə gələcək. Qalibin Şərq və ya Qərb olması isə hələ bəlli deyil. Daha fərqli şeylər də yaşana bilər. Ancaq baş verəcək hadisələrin Soyuq müharibəyə bənzəməyəcəyi açıqdır. Azərbaycan Türkiyənin də siyasi dəstəyi ilə Cənubi Qafqazda bizim üçün əsas məsələ olan Qarabağ problemini həll edib. Bölgədə sülhün və sabitliyin bərqərar edilməsi Türkiyə və hazırkı məqamda Rusiya üçün çox vacibdir. Lakin Qərb bunu istəmir. Çünki bölgə çox böyük enerji resursuna malikdir və Çindən başlayan “Bir kəmər, bir yol” layihəsi buradan keçir. Hətta razı olacağı təqdirdə İran da prosesə qoşula bilər. Təsvir etdiyimiz mənzərə Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının nəticəsi, daha böyük uğurların əldə edilə biləcəyinin göstəricidir. Ona görə də proseslər yalnız bizimlə məhdudlaşmır və Qərblə yanaşı, İran, Yunanıstan, Hindistan, İsrail, Cənubi Kipr və bir çox başqa dövlət regiondakı prosesləri izləyir. Bunların hərəsi ilə ayrı-ayrılıqda müxtəlif, eyni zamanda ortaq maraqlar baxımından ümumi münasibətlər forması var.

– Türkiyə və Azərbaycana qarşı birləşən bir sıra ölkələrin adını çəkdiniz. Buna qarşı Ankara hansı preventiv addımlar atır?

– İndi Avropanın bölgədə söz sahibi olması üçün Fransa əvvəldən Rusiyanın təsir dairəsində olan Ermənistana qarmaq atmağa çalışır. Hindistan da bölgəyə girmək üçün müxtəlif vasitələrlə Ermənistanda söz sahibi olan ölkələr arasına girməyə, Yunanıstan və Kipr Respublikası isə əməkdaşlığı sıxlaşdırmağa cəhd edir. Səbəb isə çox aydındır. Cənubi Qafqazda bizim xeyrimizə olan geosiyasi vəziyyətin mövcud olmasını istəmirlər, buradan da Türkiyə və Rusiyaya təhdid yaratmağa çalışırlar. Burada Türkiyənin Yaxın Şərq siyasəti, Misirlə qurulan əlaqələr, Şərqi Aralıq məsələsi və ABŞ-la münasibətlər önəmli rol oynayır. Hətta bu yaxınlarda Hakan Fidan da ABŞ-a səfər edərək, Entoni Blinken, Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Avril Hayns ilə görüşlər keçirib, ikitərəfli münasibətlərin strateji mexanizmləri ilə bağlı müzakirələr aparıb. Adlarını sadaladığımız ölkələr Ermənistanla müdafiə sahəsində müqavilələr imzalamaqla Türkiyəni şimal-şərqdən mühasirəyə almağa çalışırlar. Türk xəttinin birləşməsini istəmirlər. Yunanıstan burada çox fəaldır. Məqsəd isə aydındır. Gücümüzün Cənubi Qafqaz, Liviya, Yaxın Şərq, Balkan yarımadasında və digər bölgələrdə bölünməyini, zəifləməyimizi istəyirlər. Çünki Türkiyə də öz növbəsində bəhs etdiyimiz bölgələrdə qarşımızda olanları sıxışdırır. Afina özünün və bizim geosiyasi mövqeyimizdən faydalanaraq mühasirəni genişləndirmək, sonra isə daraltmaq məqsədi güdür. Ancaq Bakı ilə Ankara ortaq ağılla hərəkət edərək bunların kirli planlarına imkan vermir. Azərbaycanın İkinci Qarabağ müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi və Şuşa Bəyannaməsi sözügedən addımların ən önəmli örnəyidir. Bizim burada söz sahibi olmağımız və formalaşan geosiyasi vəziyyət Qərbin Qarabağ məsələsi üzərindən Rusiyaya ikinci cəbhə açmasının, daha böyük faciələrin qarşısını aldı. Ona görə Moskva da Ankaranın regionda varlığının önəmini anlamağa başlayıb. Yunanıstan və digərləri bizə qarşı harda bir təhdid yaradacaq qüvvə varsa, onu dəstəkləyir. Misirlə yaxınlaşmağımız Şərqi Aralıqdakı təsirini zəiflədəcəyi üçün Yunanıstanı çox narahat edir. Yavuz Sultan Səlim də Misirə yürüş edərkən məqsədi oradan gələn təhdidlərin qarşısını almaq və bölgədə bir istinad nöqtəsi yaradaraq Avropaya yönəlmək idi. Atatürk və yaxın silahdaşı Kazım Qarabəkir Paşa da İstiqlal Müharibəsi zamanı eyni taktikanı izlədi. Biz də bu gün ətrafımızda sülhün və sabitliyin bərqərar olması üçün bu yolu gedirik.

– Hazırda rəsmi İrəvan sürətlə silahlandırılır və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Prosesin gedişatını necə qiymətləndirirsiniz?

– Paşinyanın Fransaya səfəri, arxasınca Sebastyan Lekornunun İrəvana gəlməsi, Suren Papikyanın həm Kiprə, həm də Yunanıstana səfəri, orada “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsini təqdim etməsi, Yunanıstan müdafiə naziri Nikos Dendiasın və Kiprin xarici işlər naziri Konstantinos Kombosun Ermənistan səfəri, Hindistanın strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün hava dəhlizi açmaq planı, silahların və ağır hərbi texnikanın göndərilməsi, AŞPA-nın Azərbaycan əleyhinə addımları, Paşinyanın Azərbaycanın işğal altındakı 8 kəndi və sülh danışıqları ilə bağlı manipulyativ açıqlamaları hamısı bir-birinə bağlı olan proseslərdir. Bunları bir yerdə görməli və oxumalıyıq. Tərəflər özünə görə balans qurmağa çalışır. Fransa və Yunanıstan Ermənistanı dəstəkləyərək Türkiyə və Azərbaycana qarşı cəbhə açır. Cəbhə Ermənistandan Şərqi Aralıq və Kiprədək uzanır. İsrail Azərbaycanla münasibətlərinə görə məsələyə ehtiyatlı yanaşır. İran da həmin cəbhədədir və Ermənistana bir sıra yardımlar göstərir. Çünki daxili demoqrafik vəziyyətə görə, Azərbaycanı təhdid hesab edir. Belə fəaliyyətlər davam edəcək və rəsmi Bakı da buna görə əlindəki vasitələrdən faydalanaraq yeni münasibətlər sistemi qurur. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti ölkələrimizi həm önəmli enerji tədarükçüsünə, həm də haba çevirir. Eyni zamanda məsələnin logistika tərəfi də var. Yəni bizim də qarşı tərəfə müxtəlif təzyiq mexanizmlərimiz var. Bundan qorxurlar. Ermənistanın əlinə verilən “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi isə bizi bu imkandan məhrum etməkdir. Fransa, Yunanıstan, Kipr Respublikası sözügedən layihə ilə özünə geniş fəaliyyət sahəsi açmaq və açara sahib olmaq niyyətindədir. Ancaq Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan layihələrin həyata keçməsi qeyri-mümkündür. Hazırda lazım olan addımlar atılır, Ankara və Bakı həm Mərkəzi Asiyadakı qardaş ölkələrimiz, həm də Yaxın Şərq ölkələri ilə əlaqələri gücləndirməklə kirli planları pozur. Bu isə yaxın gələcəkdə Ankara və Bakının özünün burada siyasi qütbə çevriləcəyini göstərir.

Teqlər: