Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 28-dək Abşeron yarımadasında davamlı mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.