5-6 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli
ünvanda keçiriləcək. “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının
təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ
satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və
sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə
yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı
və qida məhsullarının satışı həyata keçiriləcək.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi
ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar
yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət
göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
ödənişsiz şəkildə faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl
olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər
ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı,
tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr,
əlcək və s.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək
vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə
və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni
zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri
aparılacaq.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət
göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A