Ankara Universitetinin professoru Toğrul İsmayılın AzerTimes-a müsahibəsi:
– Toğrul müəllim, sərhəddə baş verən son təxribatlara görə Azərbaycan haqsız bir şəkildə Fransa, Hindistan kimi bəzi dövlətlər tərəfindən ciddi ittihamlara məruz qalır. Bu haqda nə deyə bilərsiniz?
– Azərbaycan son təxribatlarda 71 şəhid verib. Digər tərəfdən ərazimizə soxulan erməni diversantlar əsgərlərimizin təminat yollarını minalamağa cəhd ediblər, mövqelərimiz isə ağır silahlardan atəşə tutulub. Bu faktlar öz-özlüyündə müharibə səbəbidir. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, bütün dövlətlərin özünümüdafiə hüququ var. Hətta ABŞ-ın özü 11 Sentyabr hadisələrindən sonra Əfqanıstana müdaxilə edərkən bu maddəni əsas gətirib. Buna görə heç bir dövlətin ölkəmizi ittiham etməyə haqqı yoxdur.
– Sərhəddəki erməni təxribatına Ordumuzun cavabından sonra Ermənistan KTMT-yə müraciət etdi. Həmçinin bəzi erməni və rusiyalı ekspertlər Azərbaycanı Ukrayna müharibəsindən istifadə etməkdə günahlandırır. Bunu necə dəyərləndirirsiniz?
– Xeyr, belə deyil. Ortada üç ölkə rəhbərinin imzaladığı 10 noyabr bəyanatı var. Azərbaycan üzərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirir, ancaq Ermənistan bundan imtina edir. Bunu biz Laçın dəhlizi və Zəngəzur məsələsində də açıq şəkildə görürük. Azərbaycan və Rusiyanın imzaladığı müttəfiqlik bəyannaməsinə görə, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyıb.
Paşinyanın KTMT və Rusiyaya müraciətinə gəldikdə isə bunu çox düşüncəsiz, həm də məsuliyyətsiz addım kimi dəyərləndirirəm. Bayaq dediyim kimi, son təxribatlar birbaşa müharibə səbəbidir. Bəs, Azərbaycan da ərazi müdaxiləsini əsas götürüb Şuşa Bəyannaməsinə görə müəyyən addımlar atsaydı, onda nə olacaqdı? Bunu İrəvanda soyuq başla düşünən adam yoxdur. İlham Əliyevinin bəhs etdiyimiz addımı atmaması Azərbaycanın müharibə istəmədiyini, yalnız özünü qorumaq üçün adekvat addımlar atdığını göstərir. Delimitasiya prosesi başlamadığı, sülh müqaviləsi imzalanmadığı üçün Bakını heç kim Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edə bilməz. KTMT-də də bunu anlayırlar.
Eyni zamanda Azərbaycan təşkilatın əsas üzvlərindən olan Qazaxıstan və Qırğızıstanla müttəfiqdir. Azərbaycana hansısa müdaxilə həmin ölkələrin də mənafelərinə zərbədir. Ona görə onlar da haqlı şəkildə beynəlxalq hüquqdan və milli maraqlarından çıxış edir.
Fransa isə Azərbaycanı BMT TŞ-yə şikayət etməklə əslində özü ilə bərabər digər MQ həmsədrlərinin 30 ilə yaxın müddətdə heç bir şeyə yaramadıqlarını bir daha göstərdi.