Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır – Foto

Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır – Foto

Azərbaycan Dəmir Yolları QSC-nin şəhərətrafı marşrutlarla hərəkət edən qatarları yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 16-dan yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcəkdir.

AzerTimes bu barədə ADY-yə istinadən xəbər verir.

Yeni hərəkət qrafikinə əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə 36-dan 42-yə çatdırılıb.

Yenilənmiş qrafikə uyğun olaraq, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11 reys, Bakı-Pirşağı-Sumqayıt xəttində isə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil ediləcək.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəltmək üçün Pirşağı-Sumqayıt sahəsində infrastrukturu sağlamlaşdırır. Təmir işlərinin qismən tamamlanması nəticəsində Bakı-Pirşağı-Sumqayıt xətti üzrə sərnişinlərin çoxdan gözlədiyi 4 ənənəvi səhər reysi bərpa olunub, bununla yanaşı, biri səhər, biri axşam olmaqla 2 yeni reys əlavə edilib.

Bakı-Xırdalan-Sumqayıt marşrutunun yenilənmiş qrafikində isə Bakı-Xırdalan, Bakı-Sumqayıt və Xırdalan-Bakı istiqamətində 3 yeni axşam reysi, Sumqayıt-Bakı istiqamətinə isə 1 yeni səhər reysi əlavə olunub.

ADY hərəkət qrafikinə edilmiş dəyişikliklərlə sərnişindaşıma xidmətini sərnişinlərin ehtiyaclarına uyğunlaşdırmağı və dəmir yolları ilə səfər təcrübəsini daha komfortlu və təhlükəsiz etməyi hədəfləyir.

Pirşağı-Sumqayıt sahəsində davam edən təmir-sağlamlaşdırma işlərinin bu ilin sonunadək yekunlaşmasından sonra Bakı-Pirşağı-Sumqayıt xətti üzrə hərəkət qrafikinə yenidən baxılacaq və sərnişin tələbatına uyğun əlavə və dəyişikliklər nəzərdən keçiriləcək.

Teqlər: