Bakı üçün anklavlar və onlara gedən yollar, eləcə də azərbaycanlıların Ermənistanda məskunlaşdırılması məsələləri önəmlidir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan erməni mediasına açıqlamasında sülh sazişi haqda gedən müzakirələri şərh edərkən deyib.
O əlavə edib ki, dəhliz məsələsi, eləcə də ermənilərin Qarabağa qayıtmaması da Azərbaycan üçün vacib olaraq qalır.
Xaçikyan bildirib ki, Ermənistandakı hazırkı rejim hakimiyyətə gəlməzdən öncə də Qarabağ ermənilərinə düşmən idi və indi onları geri qaytarmaq fikri yoxdur.
O, Azərbaycanın Ermənistanın nəzarətində olmayacaq eksterritorial dəhliz əldə edə biləcəyini istisna etməyib:
“Hakim rejim ölkəni Türkiyə və Azərbaycan ordularının Ermənistan ərazisində kəsişmə nöqtəsinə çevirmək istəyindən danışarkən Ermənistanın gələcəyini düşünürmü? Daha nə baş verməlidir ki, hakimiyyət ən azı nəsə edə bilsin və Ermənistan ərazisinin toxunulmazlığını təmin etsin?”
Xaçikyan xatırladıb ki, beynəlxalq münasibətlər güc və maraqlara əsaslanır:
“Azərbaycan öz gücünü hiss edir və dayanmayacaq, addım-addım bizi boğacaq. Bu faciənin sonu görünmür”.