Azərbaycandan humanitar yardımın gətirilməsi sağlam, məsuliyyətli dövlətin sağlam jestidir. Bundan başqa, rəsmi Bakı dəfələrlə izah edib ki, Qarabağın erməni əhalisini öz vətəndaşı hesab edir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Azərbaycan kimin kim olduğunu göstərdi. Mümkün qədər dünya ictimaiyyətinə nümayiş etdirir ki, məsələ Laçın yolunun “blokadası”nda deyil – Qarabağ ermənilərini ərzaqla təmin etmək üçün yol var. Məsələ separatçıların Azərbaycan ərazisinin bu hissəsini öz nəzarətlərində saxlamaq və orada parazitliyə davam etmək, biznes fırıldaqları etmək kimi kinli istəyidir. Erməni sakinlər qəsb edilmiş bu dəstənin girovu kimi çıxış edir”, – Korotçenko bildirib.
Onun sözlərinə görə, Bakı münasibətlərin normallaşması üçün yenidən sülh əlini uzadıb:
“Amma görünür, bu sülh əli yenə rədd ediləcək. Separatçıbaşılar əhalinin ehtiyacları ilə maraqlanmır. Bütün bu şounun arxasında İrəvandakı, eləcə də beynəlxalq erməni diasporunda olan separatçılar və revanşist qüvvələr dayanır.
Onlar özlərini daha da varlanmağa imkan verəcək bu separatçı əlavənin qorunub saxlanmasında maraqlıdırlar. Əminəm ki, Qarabağda yaşayan ermənilərin əksəriyyəti Azərbaycandan humanitar yardım almağa şad olardılar. Amma bu imkandan məhrumdurlar, çünki separatçı liderlər onları manipulyasiya edir, qorxudurlar.
Əgər separatçıların iddia etdiyi kimi Qarabağın Bakının nəzarətində olmayan hissəsində humanitar fəlakət baş veribsə və sadə əhalinin Azərbaycandan yardım alması qadağan edilibsə, bu nədir – könüllü aclıq aksiyası, bəlkə də özünüsoyqırım, yoxsa özünüblokada?
Əminəm ki, separatçılar, radikallar, Ermənistan hakimiyyəti erməni əhalisini sadəcə olaraq qorxudur, əks halda əhalinin Azərbaycan hüquq məkanına reinteqrasiyası daha tez baş verərdi və Qarabağ erməniləri Azərbaycandan istənilən yardımı qəbul edərdilər. Çünki normal yaşamaq istəyirlər”.