İyunun 8-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsi, “YAŞAT” Fondunun və “Davam” Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevi qəbul edib. Görüşdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova və Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilov iştirak ediblər.
BSU-nun Mətbuat və informasiya şöbəsindən AzerTimes-a bildirilib ki, görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin böyük siyasi iradəsi,müdrik rəhbərliyi, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti Qələbə qazandı. Məhz bu böyük Qələbə sayəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edildi. Qələbənin əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, çox hörmətli Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var.
Rektor Nurlana Əliyeva qeyd edib ki, xalqımızın Vətən müharibəsində şanlı Qələbə qazanmasında Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri misilsiz rol oynayıblar. Xalqımızın igid əsgər və zabitləri arasında şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev xüsusi şərəfli yer tuturlar. Qədirbilən xalqımız həmişə şəhidlərimizin xatirəsini əziz və uca tutur. Biz fəxr edirik ki, xalqımızın cəsur və vətənpərvər oğlu, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev BSU-nun məzunudur.
Rektor Nurlana Əliyeva xüsusi vurğulayıb ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. BSU-nun 3 məzunu- Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları daim onların xatirəsini əziz tutur. BSU-da şəhid soydaşlarımızla bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur. Həmin guşədə şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin və Tərcümə fakültəsinin II tədris ili tələbəsi Xanış Sadıqovun atası, şəhid polkovnik-leytenant Yaşar Sadıqovun da şəkilləri özünə yer alıb. BSU-nun Azərbaycan filologiyası fakültəsinin I tədris ili tələbəsi,şəhid ailəsinin üzvü olan Röya Oruc qızı Orucova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsi,şəhid ailəsinin üzvü olan Pərvin Bəhruz qızı Şirvani və Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi, şəhid ailəsinin üzvü olan Leyla Rövşən qızı Əsədova daim BSU-nun rəhbərliyinin,bütün professor-müəllim heyətinin xüsusi diqqət və qayğısını,sarsılmaz məhəbbətini hiss edirlər.
Görüş zamanı rektor Nurlana Əliyeva hazırda davam edən 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında şəhid ailələrinin üzvü olan tələbə-gənclərin qayğıları ilə maraqlanıb.
Görüşdə iştirak edən BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova universitetdə şəhid ailələrinin üzvü olan tələbələrə, həmçinin sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən ailələrin tələbə övladlarına göstərilən diqqət və qayğı barədə məlumat verib.
Səmimi və mehriban şəraitdə keçən görüşdə Elvin Mirzəyev və Cəfər Adilov universitetin tələbələri adından göstərilən diqqət və qayğıya,eləcə də yaz semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər.