Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev 8 may 2021-ci il tarixdə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” F-215 nömrəli əmr imzalayıb.
Həmin əmrdə qeyd edilir ki, respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində İmtahan Qərargahı yaratmalıdırlar. İmtahan Qərargahına daxil olan hər bir şikayət çevik araşdırılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva bu əmrin icrasının təmin edilməsi məqsədilə ” 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzalayıb. Adıçəkilən əmrdə yaz semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” nın təsdiq edilməsi barədə” 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarı,eləcə də təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 8 may 2021-ci il tarixli F-215 nömrəli əmri əsasında təşkili və keçirilməsinin müvafiq strukturlar tərəfindən təmin edilməsi,həmçinin yaz semestrinin imtahan sessiyasının 1 iyun-3 iyul 2021-ci il tarixlərində distant formada keçirilməsi öz əksini tapıb.
Məlumat üçün bildiririk ki,sözügedən əmrdə xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən yaz semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU-nun Elmi Şurasının 20 may 2021-ci il tarixli iclasının qərarı ilə tələbələr üçün elan olunan güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Belə ki,həmin güzəştlərə universitetlərdə xüsusi karantin rejiminin tətbiqini və bölgələrdən distant təhsilə təhsilə qoşulmaq imkanlarının nəzərə alınaraq dərslərdə iştiraka görə davamiyyət limitinin 25 %-dən 50 %-dək artırılması, yaz semestrinin imtahan sessiyası müddətində fərdi və alt qruplarda fənni təkrar dinləmədən akademik borclarını ləğv etmiş və Yekun Dövlət Attestasiyası öncəsi 3 akademik borcu qalmış sonuncu tədris ili tələbələrinə bu borcların Ümumi Orta Müvəffəqiyyət Göstəricisi(ÜOMG) əsasında bağışlanılması, sonuncu tədris ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiyadan azad olunması, təcrübənin nəticələrinin qiymətləndirilməsinin ÜOMG əsasında aparılması, ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının 51 bal hesab edilməsi, sonuncu tədris ili tələbələrinin ÜOMG əsasında “Tibbi biliklərin əsasları” fənni üzrə buraxılış imtahanından azad olunması daxildir. Əmrdə eləcə də ixtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq “Jurnalistika” , “Tərcümə” və “İbtidai sinif müəllimliyi” ixtisaslarında şifahi imtahanlarla yanaşı, yazılı imtahanların təşkil edilməsi müəyyən edilib. Əmrdə həmçinin yaz semestrinin imtahan sessiyasının təşkilinə və gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində çevik həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin,müvafiq strukturların məsul şəxslərinin,bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Valideyn Şurasının, tələbə ictimai təşkilatlarının, Mətbuat və informasiya şöbəsinin nümayəndələrindən ibarət 11 nəfərlik İmtahan Qərargahının yaradılması qeyd edilib. Eyni zamanda əmrdə distant formada keçirilən yaz semestrinin imtahan sessiyası müddətində İmtahan Qərargahına edilən müraciətlərin onlayn rejimdə araşdırılması, ehtiyac yarandığı halda müvafiq sanitar-epidemioloji tələblər gözlənilməklə iddiaçıların apelyasiyaya ənənəvi qaydada dəvət olunmaları, imtahan nəticələrindən,o cümlədən ÜOMG əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirmədən narazı qalan tələbələrin onlayn şəkildə dindirilməsi məqsədilə universitetdə Apelyasiyaya Komissiyasının yaradılması göstərilib.
Əmrin əsas müddəalarından biri də yaz semestrinin imtahan sessiyası dövründə tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanının verilməsi, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarını fənni(fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 3-5 iyul 2021-ci il tarixlərində şərait yaradılması, kredit borclarını fənni(fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələr imtahan nəticələrindən narazı qaldıqları halda onlara Apelyasiya Komissiyasına distant və ya əyani şəkildə müraciət etmək imkanının yaradılmasıdır. Əmrdə həm də distant formada təşkil olunan şifahi və yazılı imtahanların təşkil və keçirilməsi,sual,referat, və praktik tapşırıqların forma və məzmununun müəyyən olunması, məsafədən cavablandırılması, qiymətləndirilmənin aparılması, imtahanların gedişi prosesinin protokollaşdırılması qaydaları barədə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat və göstərişlərin imtahan sessiyasına 10 gün qalmış imtahan prosesi iştirakçılarının nəzərinə çatdırılması nəzərdə tutulur. Həmçinin distant formada imtahanların təşkil və keçirilməsi üçün tərkibinə BSU-nun kafedralarının müəllimlərinin, aidiyyəti strukturlarının və tədris-mədəniyyət mərkəzlərinin məsul şəxslərinin,mütəxəssislərin,metodistlərin daxil edildiyi 8 nəfərdən ibarət texniki dəstək qrupu yaradılıb. “Microsoft Teams”platforması vasitəsilə keçirilən yaz semestrinin imtahan sessiyasında ümumilikdə universitetin təxminən 4500 nəfərə yaxın tələbəsinin iştirak etməsi nəzərdə tutulur.
Bütün bu qeyd edilənlərlə yanaşı,əmrdə İmtahan Qərargahı və müvafiq strukturlar qarşısında fakültə və şöbələrdə baş verən mənfi hallarla bağlı daxil olan məlumaların çevik araşdırılıb lazımi tədbirlər görülməsi, İmtahan Qərargahının fəaliyyəti barədə rektorluga müntəzəm olaraq məlumat verilməsi , İmtahan Qərargahına tələbənin müraciəti daxil olan vaxtdan sonra 1 gün ərzində fənni tədris edən müəllim və ya mütəxəssisin iştirakı ilə müraciətə baxılıb müvafiq qərar qəbul edilməsi, qəbul edilmiş qərarların protokollaşdırılması, İmtahan Qərargahı sədrinin və ya Apelyasiya Komissiyası sədrinin imzası ilə təsdiqlənməsi, İmtahan Qərargahının fəaliyyəti haqqında müəllim,tələbə və valideynlərə, universitet üzrə İctimai Nəzarət Şurası üzvlərinə vaxtaşırı məlumat verilməsi, Mətbuat və informasiya şöbəsinin tələbələrin biliyinin qiymətləndirilməsi və İmtahan Qərargahının fəaliyyəti barədə məlumatları mütəmadi olaraq universitetin rəsmi “Facebook” səhifəsində, saytında və mediada işıqlandırması,habelə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin yaz semestrinin imtahan sessiyası başa çatdıqdan 5 gün sonra imtahan sessiyasının nəticələrinin təhlili əsasında hazırlanmış məlumatı rektorluğun iclasına təqdim etməsi, tədris işləri üzrə prorektorluğun və Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin yaz semestrinin imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə hesabat və rəyləri ümumiləşdirib müvafiq formalar üzrə Təhsil Nazirliyinə təqdim etmələri öz əksini tapıb.Ümumilikdə yaz semestrinin imtahan sessiyasının şəffaf, ədalətli və obyektiv keçirilməsi BSU-nun rəhbərliyinin diqqət mərkəzindədir.