Bakı Slavyan Universitetində “Sən tək deyilsən, biz səninləyik!” adlı psixoloji debat keçirilib (FOTO)

Aprelin 14-də Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi, “Nadeshiko” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin və BSU-da fəaliyyət göstərən Ölkəşünaslıq Klubu İdarə Heyətinin birgə təşkilatçılığı ilə onlayn formada “Sən tək deyilsən, biz səninləyik!” adlı psixoloji debat keçirilib. “Zoom” platforması üzərindən keçirilən psixoloji debatda BSU-nun Ölkəşünaslıq Klubu İdarə Heyətinin üzvləri, fəal tələbələr və digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbirin moderatoru, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi Nizami Xəlil tədbirin keçirilməsinə verdiyi dəstəyə görə universitetin rəhbərliyinə və iştirakçılara təşəkkür edib.

Debatda çıxış edən “Nadeshiko” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə son vaxtlar ölkəmizdə intihar hallarının artmasının cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildirib və bu mənfi halın qarşısının alınması üçün hamının birgə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında qeyd edib ki, gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin ardıcıl olaraq keçirilməsi olduqca vacibdir.


Psixoloq Orxan Fərəcli tələbələrin psixoloji problemləri, qarşılaşdığı çətinliklər barədə danışıb və onlara öz tövsiyələrini verib.

Debatda maraqlı müzakirə aparılıb və tələbə-gənclərin sualları cavablandırıb.

Sonda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova belə aktual mövzuda maarifləndirici tədbirin keçirilməsinə görə iştirakçılara təşəkkür edib və onlara uğurlar arzulayıb.

Teqlər: