Mayın 4-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə onlayn formada böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan “Nə qədər ki söz mülkü var…”adlı elmi konfrans keçirilib. Qeyd edək ki,bu elmi konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilib.
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva əvvəlcə konfans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva çıxışında bildirib ki, bu gün BSU-da keçirilən elmi konfrans əlamətdar bir dövrə təsadüf edir. May ayının 10-da xalqımızın dahi oğlu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Ulu öndər Heydər Əliyev xalqımızın, millətimizin, ana Vətənimiz Azərbaycanın həyatında, tarixi taleyində həlledici rol oynamış görkəmli siyasi və dövlət xadimidir. Bugünkü müstəqil, hərtərəfli inkişaf edən, dünya birliyində öz layiqli yeri və mövqeyi olan Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin Ulu Öndərimizin müdrik daxili və xarici siyasətini, dövlətçilik konsepsiyasını uğurla davam etdirməsi nəticəsində həyatımızın bütün sahələrində böyük inkişaf, tərəqqi var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva ölkəmizin müasir və yeni çağırışlara uyğun olaraq inkişaf etməsi naminə misilsiz xidmətlər göstərir. Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan güclü bir dövlətdir.
Rektor Nurlana Əliyeva geniş və maraqlı çıxışında qeyd edib ki, hazırda respublikamızda və dünyanın bir çox xarici ölkələrində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və “Nizami Gəncəvi İli”nə həsr olunan müxtəlif tədbirlər keçirilir. BSU-da da qüdrətli söz ustadı Nizami Gəncəvinin ədəbi-bədii irsinin dərindən öyrənilməsi və daha geniş miqyasda təbliğ edilməsi məqsədilə silsilə tədbirlər keçirilir və tədbirlərin davamlı olması nəzərdə tutulur.
Rektor Nurlana Əliyeva çıxışında vurğulayıb ki, Nizami Gəncəvi kimi böyük sənətkarı olan xalq, millət xoşbəxtdir. Nizami Gəncəvi yaradıcılığı insanları, cəmiyyəti sülhə, əmin-amanlığa, ədalətə, xeyirxahlığa, müdrik əməllərə səsləyir. Ümumiyyətlə, Nizami Gəncəvinin bədii yaradıcılığında, dünyagörüşündə, ictimai-siyasi baxışlarında ədalətli cəmiyyət və ədalətli dövlət başçısı məsələsi xüsusi yer tutur. Ədalət hissi çox gözəl və müqəddəs bir hissdir. Ədalət hissi ölkənin, cəmiyyətin, dövlətin qanunun aliliyi əsasında idarə edilməsində müstəsna rol oynayır. Nizami Gəncəvi yaradıcılığı ümumbəşəri xarakter daşıyır. Onun zəngin yaradıcıgında dərin, düşündürücü məqamlar çoxdur. Humanist və mütərəqqi ideyalarla zəngin olan Nizami Gəncəvi yaradıcılığı müasir dövrümüz üçün çox aktualdır və bütün dövrlərdə öz əhəmiyyətini,dəyərini qoruyub saxlayacaq. Biz həmişə tələbə-gənclərimizə Nizami Gəncəvinin yaradıcılığını, onun irəli sürdüyü humanist ideyaları, yüksək mənəvi-əxlaqi dəyərləri dərindən öyrətməliyik. Bu yaxınlarda BSU-da “Nizami Gəncəvi auditoriyası” nın istifadəyə verilməsi nəzərdə tutulur. Bu da öz növbəsində Nizami Gəncəvi yaradıcılığının daha dərindən öyrənilməsinə və təbliğinə xidmət edir.
Sonra elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli “Nizami yaradıcılığı dünya ədəbiyyatı kontekstində”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Rəhim Əliyev “Nizami və farsdilli Şirvan şairləri”, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov “Nizami və Dante: yaradıcılıq paralelləri”, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Nizaminin oğluna nəsihətinin rus dilinə ilk tərcüməsi barədə”, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev “Nizami və Gəncə”, həmin kafedranın dosenti Sevda Axundova “Nizami yaradıcılığında multikultural dəyərlər”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov “Nizami yaradıcılığında savaş sənəti”, BSU-nun Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Əzizova” Nizami yaradıcılığında bəşəri dəyərlər” mövzularında məruzələrlə çıxış ediblər. Onların məruzələrində Nizami Gəncəvi yaradıcılığının səciyyəvi xüsusiyyətləri ətraflı təhlil edilib. Məruzələr elmi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.