Mayın 7-də Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Bakı şəhər prokurorluğun inzibati
binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz
xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra dahi rəhbərin həyat
və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş
etdirilmişdir.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov görkəmli
dövlət xadimi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər
Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik
təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, əbədiyaşar
liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə
edilmiş yüksək nailiyyətləri diqqətə çatdırmışdır.
Xüsusi qeyd edilmişdir ki, Azərbaycanda birinci dəfə siyasi
hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin və
dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək
milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr
potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar
müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olmuşdur.
1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublika
rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük
təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş dahi öndərin
zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli
Azərbaycan ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam
niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni
atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun
yaradılmasının qələbəmizi şərtləndirən ən vacib amillərdən olması
bildirilmişdir.
Xüsusi vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin müstəsna
dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı
ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu
keçərək bölgənin ən güclü qüvvəsinə çevrilmiş, Ümummilli Liderin
xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa
edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış
arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyev tərəfindən Ermənistanın 30 illik
işğalına cəmi 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk
olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə
çatdırılmışdır.
Çıxışın sonunda Bakı şəhər prokuroru kollektiv adından hər bir
prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq
onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında aparılan uğurlu siyasətin həyata keçirilməsinə
istiqamətləndirəcəyinə əminliyini bildirmişdir.