Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib (FOTO)

28 aprel 2022-ci il tarixdə Baş prokuror Kamran Əliyevin
rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın
idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər
işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər
prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə
təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi
keçirilib.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, əməliyyat
müşavirəsində çıxış edən Kamran Əliyev ölkə Prezidentinin
hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və
xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar
nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu
bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də
uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə
uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlara və müasir
tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində
həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların
icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə,
korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş
yaradılmış, prokurorluqların fəaliyyətində şəffaflığın,
bürokratizmin aradan qaldırılması təmin edilib.

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı
xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin
prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq,
şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin
qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini,
nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə
əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov
prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya
görə ölkə başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi
kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan
vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə
çalışacaqlarını qeyd etmişdir.

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin
prokurorluq orqanlarının fəaliyyətinin cinayət və
cinayət-prosessual qanunvericiliyinin, “Prokurorluq haqqında”
Azərbaycan Respublikası Qanununun və sair normativ xarakterli
hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə
orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar
verib.

Teqlər: