Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

AzerTimes xəbər verir ki, böyük xeyriyyəçinin abidəsi metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılıb.

Hündürlüyü 2,5 metr olan heykəl gildən hazırlanıb.

Trend Tv Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldıldığı ərazidə olub və paytaxt sakinlərinin fikirlərini öyrənib.

Paytaxt sakini Namiq Nəsirov xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasına görə Cənab İlham Əliyevə təşəkkür edib. Bildirib ki, o, bu günü səbirsizliklə gözləyirdi. Nəhayət, o günü görmək qismət oldu.


Paytaxt sakini Azad Ağayev isə qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması azərbaycanlıların öz tarixinə necə bağlı olduğunu bir daha sübut edir. “Belə bir insanın heykəlinin qoyulmasına görə başda Cənab Prezident İlham Əliyevə və əziyyəti keçənlərə təşəkkür edirəm”, – deyə o qeyd edib.

Paytaxt sakini Adilə Ağayeva da heykəlin ucaldılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. “Cənab Prezident İlham Əliyev heç vaxt böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi unutmayıb. Onun adını qəsəbəyə, küçəyə verib və heykəl ucaltdırıb”, – deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı 2019-cu ildə açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Müsabiqəyə təqdim olunan 26 əsərdən Xalq rəssamı Xanlar Əhmədovun işi qalib olub.

Teqlər: