Xəbər - İlhamə İsabalayeva – Trend:
Paytaxtın ümumi təhsil müəssisələrində fevralın 19-na olan məlumata əsasən əyani formada dərslərə davamiyyət 85 faizə yaxındır.
Bakı Şəhəri üzrə Təhsil İsdarəsindən (BŞTİ) AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub. Paytaxtdakı təhsil müəssisələrində hazırda 410 000-dən çox şagird əyani dərslərdə iştiraka cəb olunub. Təbii ki, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədris təmin olunur.
Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar:
“Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq”.