Bakı rüsvay etdi, Paris bunun “qisasını” alır…

Bakı rüsvay etdi, Paris bunun “qisasını” alır…

Fransa Senatının “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” ilə bağlı qətnaməni müzakirəyə çıxarması, üstəlik burada Qarabağdan bəhs etməsi yalnız beynəlxalq hüququn tapdalanması deyil, eyni zamanda, açıq şəkildə təxribatdır.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat Fransanın qətnamə qəbul etməklə Azərbaycan və Türkiyəyə təzyiqi artırmaq və qisas almaq niyyətində olduğunu bildirib:

“Sənəd ərazi bütövlüyünü guya müqqəddəs hesab edən bu adamların nə qədər qərəzli və yalan istehsal edən təfəkkürə və əqidəyə malik olduqlarını sübut edir. Sizə bu haqqı kim verib ki, Qarabağa az qala ayrıca subyekt və ya Ermənistanın tərkib hissəsi kimi yanaşasınız?! Terrorçubaşı Araik və oğru Vardanyanın həbsini qeyri-qanuni adlandıran bu özünü senator adlandıran şəxslər həmin o Araikin “Gəncənin vurulması mənim əmrim idi!” etirafını da görməzdən gəlirlər. Sənəddə Fransanın Ermənistanı silahlandırması faktı xüsusi müsbət amil kimi qeyd olunur. Zəngəzur dəhlizini dünyaya bölgənin gələcəyi üçün təhdid kimi təqdim edirlər. Əxlaqsız şəkildə qəbul edilən bu “qətnamə”nin məqsəd və hədəfi nədir? Birincisi, hadisələrin əsl mahiyyətini saxtalaşdırmaq, Azərbaycana və Türkiyəyə böhtan atmaq yolu ilə xalqı və ictimaiyyətini çaşdırmaq, ölkələrimizin timsalında “barbar türk” obrazını yenidən canlandırmaq; ikincisi, Avropa və Fransada türk düşmənçiliyini daha da artırmaq; üçüncüsü, Azərbaycana və Türkiyəyə təzyiq göstərərək beynəlxalq və regional miqyasda uğradıqları məğlubiyyətin qisasını almaq. Fransanın son dövrdə Afrika və başqa bölgələrdə ciddi məğlubiyyətlərlə üzləşdiyi, qovulduğu hamımıza məlumdur. Üstəlik Azərbaycan dövləti də Fransanın casus şəbəkəsini çökdürərək onu bütün dünyada rüsvay etdi. Paris Ankara və Bakını bu problemləri yaşadığına görə əsas rəqiblərindən biri hesab edir; dördüncüsü isə Makron iqtidarı erməni lobbisinə sözün həqiqi mənasında yarınmaq istəyir”.

Hulusi Kılıç bütün formalarda Türkiyə və Azərbaycanla qarşı-qarşıya gəlməyin Fransa və Ermənistana heç bir fayda gətirməyəcəyini vurğulayıb:

“Fransa bizi belə kağız parçaları ilə qorxuda bilməyəcəyini görəcək. Türkiyə və Azərbaycan artan təsiri, gücü ilə hələ Fransanın başını çox ağrıdacaq, onun soyqırım tarixini, qanlı və kirli planlarını ifşa edib, addımbaşı üzünə vuracaq. Sanksiyaların tətbiqi isə xam xəyaldan başqa bir şey deyil. Nəyi əsas gətirib embarqo tətbiq edəcəklər? Yəni Azərbaycana beynəlxalq aləm tərəfindən tanınan ərazisində işğalı bitirdiyinə, separatçılığın kökünü kəsdiyinə görə sanksiya tətbiq olunacaq? Sonra Azərbaycanın enerji sektoruna sanksiya istəyirlər. Axı, hazırkı məqamda kim buna razı olacaq? Onsuz da Ukrayna müharibəsi vəziyyəti gərginləşdirib və narazılıq hər gün artır. Fransanı idarə edənlərə tövsiyəm odur ki, gözlərini açıb qarşılarında kimin olduğunu, tarixlərini unutmasınlar. Onları İspaniyanın əlindən Osmanlı dövləti xilas edib, beş yüz il əvvəl kral Fransua Sultan Süleyman Qanunidən imdad diləyirdi. Biz köksüz deyilik, qəbilə dövləti deyilik, böyük bir tariximiz var və dünyaya ədalət gətirən insanların nəvələriyik. Əgər siz ermənilər üçün ikinci dövlət qurmaq fikrindəsinizsə, paytaxtı Marsel olan Artsax Xalq Demokratik Respublikası məncə pis ideya deyil. Hətta Marselin adını da dəyişib Stepanakert qoya bilərsiniz. Azərbaycanı “işğal”da günahlandıran bu gün Qəmər (Komor) adalarına məxsus Mayot adasını rəsmən işğal edib və azad etmək istəmir. Fransa neokalonializm siyasətini ən iyrənc şəkildə davam etdirir. Korsika, Yeni Kaledoniya və ya Qviana gözümüzün önündədir. Fransa o xalqlara zülm edir. Sonda isə bildirmək istəyirəm ki, Azərbaycan çox güclü dövlətdir və onun güclü lideri var. Xalq da onun ətrafında sıx birləşib. Azərbaycana müdaxilə Türkiyəyə edilmiş müdaxilə deməkdir. Şuşa Bəyannaməsini təkrar-təkrar oxuyub öyrənsinlər. İstənilən şəkildə bizimlə qarşı-qarşıya gəlmək Fransaya və əzizlədiyi Ermənistana heç bir fayda gətirməz. Bunu əsla yaddan çıxarmasınlar”.

Qeyd edək ki, Fransa Senatı ötən ilin 1 dekabrında təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınmasına” yönəlmiş partiyalararası qətnaməni ötən gün qəbul edib.

Teqlər: