Son onillik ərzində Rusiya ilə Azərbaycan münasibətlərində ən ciddi böhran yaranıb. Cənubi Qafqaz dramatik hadisələrin astanasında ola bilər. Bu, Rusiya və Azərbaycanın xarici işlər nazirlikləri arasında görünməmiş kəskin bəyanat mübadiləsindən sonra aydın oldu.
AzerTimes xəbər verir ki, bunu rusiyalı ermənipərəst siyasi şərhçi Maksim Yusin “Kommersant”a deyib.
Yusin bildirib ki, əvvəlcə Rusiya XİN Qarabağ ətrafında “humanitar böhranın” kəskinləşməsindən, yerli əhalinin guya ərzaq, dərman kimi ilkin tələbat mallarının kəskin qıtlığı ilə üzləşməsindən, eyni zamanda elektrik enerjisi və qazdan məhrum olmasından “narahatlığını” ifadə edib:
“Sənəddə Bakıya qarşı birbaşa hücum olmasa da, mətndən aydın olur ki, Azərbaycanın Qarabağa “blokadası” “böhrana” səbəb olub. Bakının cavabı dərhal və görünməmiş dərəcədə sərt oldu. Rusiya XİN-in mövqeyi qəbuledilməz adlandırıldı, üstəlik, prezidentlər Putin və Əliyev tərəfindən ötən ilin fevralında qəbul edilmiş Bakı və Moskva arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməyə uyğun gəlmədiyi vurğulandı. Azərbaycan XİN bəyanatından ən maraqlı hissə isə budur: “Erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycandan çıxarılması hələ də təmin edilməyib. Üstəlik, bu birləşmələrə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında dəstək verilir”. Başqa sözlə, Bakı birbaşa Moskvanı Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatları dayandıran 2020-ci ilin noyabr razılaşmalarını yerinə yetirməkdə acizlikdə və könülsüzlükdə ittiham edir. Əlavə olaraq, Qarabağdan erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasına nail olmaq əzmini göstərir.
Bakının getdikcə daha qətiyyətli olan bəyanatları heç bir şübhə yeri qoymur ki, Prezident Əliyev və onun komandası hadisələrin inkişafını sürətləndirməyə hazırdırlar. Onlar Qarabağda Rusiya sülhməramlılarının “nizam-intizam” və “status-kvonun” qorunub saxlanılmasına “çalışdığı” beş ilin sonuna qədər gözləməyə bilərlər”.
O, Bakının bəyanatından sonra sülhməramlıların artıq Azərbaycan üçün bitərəf hesab edilmədiyini vurğulayıb:
“Bu isə o deməkdir ki, onların mövcudluğu Azərbaycan Ordusunun Xankəndi və ətraf əraziləri qanunsuz silahlı birləşmələrin qalıqlarından təmizləməsinə mane olmayacaq. Bakı Paşinyanın hakimiyyəti altında olan Ermənistanın müdaxilə etməyəcəyinə ümid edir (hətta müdaxilə etsə belə, qüvvələrin birləşdirilməsi birmənalı olaraq Bakının xeyrinədir). Qərbə gəlincə, bu gün onlar da Qarabağ ermənilərinin müdafiəsinə qalxmağa hazır deyil. Bakının döyüşkən planını nəzəri cəhətdən saxlaya biləcək yeganə şey iqtisadi sanksiyalar, ilk növbədə neft və qaza qarşı təhdiddir. Amma Qərb bunu edə bilməz. Onun üçün əsas rəqib Moskvadır və Azərbaycanın enerji daşıyıcıları məhz Rusiyaya alternativ hesab olunur. Kremlə gəlincə, Bakı Rusiyanın reaksiyasından o qədər də qorxmur. Görünür, onlar hesab edirlər ki, Rusiya Ukraynada çox dərin bataqlığa düşüb və Cənubi Qafqazda başqa cəbhə açmaq üçün nə gücü, nə bacarığı, nə də istəyi var”.