Bakı Rusiya və Ukrayna arasında vasitəçi olur?

Bakı Rusiya və Ukrayna arasında vasitəçi olur?

Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi və Rusiya ordusunun bunun qarşısını ala bilməməsi fonunda Kreml sahibi Vladimir Putinin hər açıqlaması diqqətlə izlənilir, rəylər verilir. Bu mənada Rusiya prezidentinin sabah Bakıda verəcəyi açıqlamalar da diqqətlə öyrəniləcək, onun səsləndirəcəyi hər kəlməsi və sətiraltı ifadəsi lupa ilə araşdırılacaq.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin Bakıya səfərini şərh edərkən deyib.

O bildirib ki, Putinin Bakıda müzakirə edəcəyi mövzuları belə sıralamaq olar:

1. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının artırılması;

2. Rusiya qazının Azərbaycanın imkanlarından istifadə edilərək Avropa dövlətlərinə satılması;

3. Moskvanın Bakı ilə İrəvan arasında moderatorluğu.

“Belə fikirlər də səsləndirilir ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakı məkan kimi seçilə bilər. Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var. Belarus bu rola yaramır. Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə-Ukrayna hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevi və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan”, – politoloq vurğulayıb.

Teqlər: