Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yekunlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.
Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.
İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.